Gəlirlərin ədalətli paylanması, rifah və tərəqqi içində bir cəmiyyət qurulması sosial siyasətin başlıca vəzifələridir. Bu vəzifələri reallaşdırmaq üçün sosial
müdafiə ən əhəmiyyətli vasitədir. Onun ən mühüm cəhəti
cəmiyyətdə hər bir şəxsin mənafeyinə cavab verməsilə bağlıdır. Başqa
sözlə, sosial müdafiə bütün həyatı boyu ən çətin, riskli məqamlarda belə,
insanın üstün mövqeyini qoruyub saxlayır. Elə buna görə də inkişaf etmiş
ölkələrdə Ümumi Daxili Məhsulun 20-35 faizi bir qayda olaraq sosial müdafiə
xərclərinə ayrılır.
Ümumiyyətlə, sosial müdafiə insanın qarşılaşdığı sosial
risklərin iqtisadi nəticələrinin aradan qaldırılmasında müdafiə təminatını
nəzərdə tutan bir anlayışdır. Bu anlayış həm də ehtiyac içində yaşayan
insanların sözügedən probleminin həlli anlamını özündə ifadə edir. Yoxsul həyat
şəraitindən xilas olmaq yolunda qəfil rast gəlinən qorxunun dəf olunması sosial
müdafiənin başlıca fəlsəfəsidir.
Sosial müdafiənin inkişaf tarixi
Sosial müdafiə insanın əzəli və əbədi ehtiyacı olmasına baxmayaraq, XVIII
əsrin sonu və XIX əsrin əvvəllərində cəmiyyətdə baş verən iqtisadi və sosial
dəyişikliklər fonunda müşahidə olunan sənaye inqilabından sonra meydana çıxaraq
ötən əsrdə geniş vüsət alıb. Əl əməyinin mexanikləşdirilməsi
nəticəsində manufakturalar iri fabriklərə çevrilib və bununla da yeni istehsal
sahələri yaradılıb, işçi sinfi formalaşıb. Sənayeləşmənin
güclənməsilə bərabər kəndlərdən şəhərlərə köç başlaması işçi
qüvvəsində böyük artıma gətirib çıxarıb. Məhz bu səbəbdən də
işəgötürənlər işçiləri istehsal vasitəsi kimi görməyə və onları ağır şərtlər
altında aşağı maaşla işlətməyə başlayıblar. Beləliklə, dövlətin əmək
müqavilələrinə loyal münasibəti işəgötürənlərin işçilərə biganə
münasibətində, əmək haqlarının simvolik xarakter daşımasında, əmək
şəraitinin çətinləşməsində və təhlükəli iş şəraitində sağlamlıqlarını
itirən işçilərin yerinə yenilərinin götürülməsində, uşaq
əməyinin istismarında özünü göstərib. Eyni zamanda, ağır iş
şəraitində məvaciblərin aşağı olması, qidalanmanın zəifliyi, fizioloji
xəstəliklərin güclənməsi insanlarda sosial müdafiə ehtiyacını artırmışdır.
Sənayeləşmənin surətlə inkişaf etdiyi Almaniyada 1870-1871-ci
illərdə Fransa ilə müharibədən sonra iqtisadi böhranın baş verməsi
fabriklərin bağlanmasına və işsizliyin ortaya çıxmasına səbəb oldu. Nəticədə
gəlirsiz qalan işçilər Alman İşçiləri Həmkarlar İttifaqı təşkilatında
birləşərək Sosial-Demokratik Partiyasını seçkilərdə dəstəkləməyi
qərarlaşdırdılar. Alman kansleri Otto Van Bismark 1877-ci il seçkilərində
sosial demokratların şanslarının artdığını gördükdə, bir qrup iqtisadçını
ətrafına toplayaraq, cəmiyyətdə mövcud olan sosial-iqtisadi
problemləri aradan qaldırmağın zəruriliyini bildirdi. Yığıncaqlarda əsasən,
islahatlar yolu ilə dövlət gəlirlərinin işçilərə ədalətli paylanmasını
reallaşdıracaq proqramların həyata keçirilməsi müzakirə edildi.
Hətta "Sosial Proqram" da hazırlanaraq kansler Bismark
tərəfindən parlamentə-Reichstag'a təqdim edildi. Həmin "Sosial
Proqram" çərçivəsində 1883-cü il iyunun 15-də "Xəstəlik
sığortası", 1884-cü il iyulun 6-da "Peşə qəzası sığortası" və
1889-cu il iyunun 22-də "Yaşlılıq sığortası" qanunları qəbul edildi.
Beləliklə, dünyada ilk dəfə olaraq sosial sığorta prinsiplərinə əsaslanan
müasir sosial müdafiə sisteminin əsası qoyuldu.
Sosial müdafiə termini ilk dəfə ABŞ-da istifadə olunub.1929-cu ildə dünyada
hökm sürən Böyük İqtisadi Böhranın ABŞ-ın və digər ölkələrin sosial müdafiə
sisteminin inkişafına böyük təsiri olub. Böhran nəticəsində Amerikada
işsizliyin səviyyəsi yüksəlib və xalq səfalətlə üz-üzə dayanıb. Sosial risklərə
qarşı xalqın kifayət qədər qoruna bilməməsi prezident Ruzveltin başçılığıyla 14
avqust 1935-ci il tarixli "Sosial müdafiə qanunu"nun
qüvvəyə minməsinə səbəb olub. Daha sonra bu anlayış 1942-ci ildə məşhur ingilis
iqtisadçısı Vilyam Beveric tərəfindən hazırlanan "Beveric hesabatı"
ilə öz gerçək mənasını tapıb.
Sosial müdafiə modelləri
Dünyada qəbul olunmuş əsas sosial müdafiə modelləri, yuxarıda da adlarını
çəkdiyimiz şəxsiyyətlərin - Bismark və Bevericin yaratmış olduğu modellərdir.
Bismark modeli əmək fəaliyyətinə əsaslanan sosial sığorta mexanizminə
söykənir. Fərdlər gördükləri iş qarşılığında sosial müdafiə ilə əhatə
olunurlar. Modeldə maliyyələşmə sığortaolunanların ödədikləri sığorta haqqı ilə
reallaşır. Bununla da işçi qazancına və ödədiyi sığorta haqqına düz mütənasib
olaraq sosial müdafiə hüquqları əldə edir. Bu səbəbdən hər kəs sosial müdafiə
ilə əhatə olunmaya da bilər. Bismark modeli dedikdə həm
də ağıla ilk olaraq məhz pensiya sistemi gəlir.
Beveric modelini isə universal sistem kimi xarakterizə etmək
olar. Bu sistemdə fərdin sosial müdafiəsi onun işləməsindən asılı deyildir.
İşləyən və işləməyən hər kəs, o cümlədən ölkənin bütün vətəndaşları, həmçinin
ölkə daxilində hər bir şəxs, bir sözlə, bütün əhali sosial müdafiə ilə əhatə
olunurlar. Bu sistemin əsas fərqli cəhətlərindən biri sosial yardım və sosial
xidmət formalarının təqdim edilməsidir. Beveric modelinə ən uyğun ölkə
İngiltərədir. İngiltərəni Almaniyadan sonra sosial rifahın inkişafı
baxımından ikinci əsas ölkə hesab etmək olar. Almaniyada reallaşdırılan sosial
islahatlar sənayesi surətlə inkişaf edən İngiltərəyə böyük təsir göstərmişdir.
II Dünya müharibəsindən dərhal sonra İngiltərədə sosial sığorta əsasında
qurulan sosial müdafiə sistemində dövlət işçi və işəgötürəndən sonra üçüncü
tərəf kimi iştirak etməyə başlamışdır. Bu sistem də Bismark modeli
kimi sosial sığortalar əsasında qurulmuşdur. Amma Beveric modelində ödənilən
sığorta haqları və vergilər yalnız şəxsin özünün sosial müdafiəsinə
deyil, həm də yoxsulların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib.
Sözün əsl mənasında, Bismark modelində sosial siyasət yalnız işləyənlərin sosial
vəziyyətini yaxşılaşdırmaqla bağlıdır, əhalinin yoxsulluğunu azaltmaq və əmək
qabilliyyəti olmayanların sosial vəziyyətini yaxşılaşdırmaq əsas məqsəd kimi
nəzərdə tutulmamışdır. Məhz bu , iki modeli bir-birindən
fərqləndirən əsas cəhət hesab olunur.
Sosial müdafiənin əhəmiyyəti artır
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada insanların sadəcə
olaraq 20 faizi sosial müdafiə çətiri altına alınmışdır. Dünya əhalisinin 80
faizinin isə heç bir sosial müdafiə təminatı yoxdur. Dünyanın 1,4 milyard
nəfər əhalisi gündəlik 1,25 ABŞ dolları gəlirlə həyatını davam
etdirmək məcburiyyətindədir. Son 20 illik bir dövrdə dünya ölkələrinin rifah
səviyyəsindəki artıma, bir çox ölkələrdə müşahidə edilən iqtisadi
inkişafa baxmayaraq, yoxsulluq səviyyəsi hələ də mövcudluğunu qorumuşdur.
Sosial müdafiə sisteminin inkişafına təsir göstərən və yaxud, ləngidən əsas
faktorlara demoqrafik prosesləri, ölkələrarası miqrasiyanı, qeydiyyatdan kənar
məşğulluğu misal göstərə bilərik. Bunlara daha ətraflı nəzər yetirək:
Demoqrafik proseslər - yaşlı əhalinin
artması, eyni zamanda doğum səviyyəsinin düşməsinin nəticəsində orta ömür
müddətinin uzanması sosial müdafiə sisteminin sosial sığorta sahəsinə mənfi
təsirlər göstərir. İşçi qüvvəsinin sayının aşağı düşdüyünə görə sığorta haqqı
ödəyənlərin də sayı azalır və nəticədə gəlirlər azalmış olur. Bundan başqa,
orta ömür müddəti uzandıqca, yaşlı əhalinin sayının artması pensiya xərclərini
artırmış olur. Sosial müdafiə sisteminin qəbul olunmuş normalarına əsasən,
ümumi xərc hissəsinin minimum 60 faizi yaşlılara yönəldilir. Bir sözlə,
əhalinin yaşlanması sosial müdafiə sisteminin gəlir-xərc tarazlığını pozur və
sistemin maliyyə baxımdan dayanıqlığını şübhə altına alır.
Ölkələrarası miqrasiya - XXI əsrin ilk illərində dünyaya göz açan insanlardan 175 milyonu doğulduğu və vətəndaşı olduğu ölkənin xaricində yaşayır. Bunlardan 60 milyon nəfəri miqrant statusunu daşıyır. Ölkə içində və xüsusilə ölkələr arasında insan köçü sosial müdafiə sisteminə bir sıra problemlər yaradır. Məsələn, miqrantlar doğma vətənlərindən kənarda əmək fəaliyyəti göstərib geri döndükdə işlədikləri müddətlə bağlı sosial müdafiə haqlarının transferi məsələsi ölkələrin sosial müdafiə sisteminə təsirsiz ötüşmür. Həmçinin miqrasiya miqrantların doğma ölkələrindəki ailələrinə də sosial müdafiə problemləri yaradır. Vətənində yaşayışına davam edən
ailəsinin sosial müdafiəsinin , hansı ölkə - köçdüyü-işlədiyi, yoxsa
yaşadığı-vətəndaşı olduğu ölkə tərəfindən qarşılanacağı sualı, ölkələr arasında
ikili sosial müdafiə müqavilələrinin imzalanmasını zəruriləşdirib. Fərqli
ölkələrdə işləyən şəxslərin sosial sığorta stajlarını birləşdirərək pensiyaya
çıxma hüquqları da məhz dövlətlər arasında imzalanan ikili sazişlərə əsaslanır.
Qeydiyyatdan kənar məşğulluq - sosial müdafiə sisteminin inkişafı yolunda ən böyük təhdiddir. Eyni
zamanda dünya ölkələrinin və beynəlxalq təşkilatların
əmək bazarının inkişafına yönəldilmiş fəaliyyətlərdə ən uğursuz
olduqları sahədir. Qeydiyyatdan kənar sektorun Afrika qitəsində
əhatə dairəsinin çox geniş olması problemin nə dərəcədə böyük olduğunu
göstərir. Bu qitədə şəhərdəki məşğulluğun 60 faizi, son illərdə yaradılan iş
yerlərinin 90 faizdən çoxu qeydiyyatdan kənar sektorun payına düşür.
Qeydiyyatdan kənar məşğulluğun sosial müdafiə baxımından əhəmiyyəti
işləyənlərin heç bir sosial təminatı olmamasıdır. Bu sektorda işləyənlər daha
aşağı maaşla, uzun iş vaxtı və təhlükəli şəraitdə çalışırlar. Buna
görə də qeydiyyatdan kənar məşğulluq əslində məşğulluq problemini
həll edən deyil, əksinə məşğulluq siyasətinə mənfi təsir edən amil hesab olunur.
Bununla bərabər bu sektorda işləyənlər sosial sığorta haqları ödəməməsi
nəticəsində, həm özlərinin gələcək sosial müdafiəsinə, həm də sosial sığorta
prinsiplərinə zərər yetirərək sosial müdafiənin maliyyələşməsinə böyük
problemlər yaradırlar.