• 20 c Bakı
  • 1.7 AZN

Sosial sığorta - səbəb, pensiya - nəticədir


Sosial sığorta-pensiya qolu ölkəmizdə tətbiq olunan sosial müdafiə sisteminin mərkəzində dayanır. Sosial sığorta həyatımızda baş verən sosial risklərdən sonra maddi itkilərimizin azaldılmasına yönəldilmiş addımlar çərçivəsində dövlət tərəfindən bizə verilən dəstəklərlə müəyyənləşir.


Sosial risklər iradi və ya qeyri-iradi olmaqla həyatımızda baş verməsi şübhə doğurmayan hadisələrdir. Evlənmək və uşaq sahibi olmaq kimi xoş hadisələrlə yanaşı, xəstəlik və ölüm halları kimi məyusedici hadisələr də sosial riskin əhatə dairəsinə aid edilir və sosial sığortanın funksiyalarına şamil olunur.
 

Pensiya ilə bağlı məsələ sosial sığorta hadisələri içərisində ən geniş yayılanıdır. Sosial sığorta ilə pensiya arasında səbəb-nəticə əlaqəsini vurğulamaqla bərabər, pensiya almaq səbəbinin məhz sosial sığorta, sosial sığortanın nəticəsinin isə pensiya olduğunu qeyd etmək doğru olardı.


Son günlər vətəndaşlara göstərilən iqtisadi dəstək paketləri içərisində məcburi dövlət sosial sığorta haqları dərəcələrinin endirilməsinə dair qanunverciliyə ediləcək dəyişiklik layihəsi önəmli addımlardan biri kimi yadda qaldı.  Bu günlərdə Milli Məclisdə "Sosial sığorta haqqında" qanuna edi
lən dəyişikliklərin nəticəsi olaraq bəzi sahələr üzrə sosial sığorta dərəcələri endirilərək daha aşağı faizlərlə müəyyənləşdiriləcək. Sahibkarlıq fəaliyyəti üzrə tikinti və ticarət sahəsində çalışan vətəndaşlarımız indiyədək minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələr üzrə 25 faiz çərçivəsində sosial sığorta haqları ödəyirdisə, 1 aprel tarixindən etibarən ilin sonuna kimi tikinti və ticarət sahəsində sığorta haqqı dərəcələri 50 faizdən 25 faizədək, digər sahələr üzrə isə 25 faizdən 15 faizədək azaldılacaq. Növbəti ildən etibarən isə bəzi sahələr üzrə - fərdi qaydada bərbər və dərzi fəaliyyəti göstərən vətəndaşlarımız üçün minimum aylıq əməkhaqqının Bakı şəhəri üzrə 6 faizinədək sosial sığorta haqqı dərəcələri müəyyən olunacaq (digər ərazilər üzrə daha aşağı faiz müəyyənləşdiriləcək). Yaxud başqa cür desək, indiyədək 125 manat sosial sığorta haqqı ödəyən vətəndaşlarımız cari ilin sonunadək 62,5 manat, 62,5 manat sığorta haqqı ödəyən vətəndaşlarımız 37,5 manat, fərdi qaydada fəaliyyət göstərən bərbərlər və dərzilər isə əvvəlki dövrlərdə 62,5 manat sığorta haqqı ödəyirdisə, növbəti ildən etibarən 15 manatadək sığorta haqqı ödəyəcəklər. Ötən il ölkə üzrə minimum əməkhaqqının 130 manatdan 250 manatadək əhəmiyyətli dərəcədə artırılması bu sahələr üzrə fəaliyyət göstərən vətəndaşlarımızın da sosial sığorta haqlarının böyük ölçüdə genişlənməsinə səbəb olub.  Koronovirus pandemiyası dövründə iqtisadiyyatımızda yaranan çətinliklərə baxmayaraq, sosial sığorta haqqı dərəcələrinin endirilməsi dövlətimiz tərəfindən fərdi sahibkarlara verilən dəstək kimi qəbul oluna bilər.


Sosial sığorta haqları dövlətin əhalidən yığılan məcburi xarakterli ödənişləri içərisində yer alır. Bu səbəbdən sosial sığorta haqqı ilə vergi ödənişləri arasında oxşarlıq olsa da, bu iki məcburi yığımın mahiyyətinin eyniləşdirilməsi heç bir halda doğru deyil. Çünki bugünkü gündə ödənilən sosial sığorta haqqı vətəndaşın gələcək pensiya təminatının əsasını təşkil edir. Bunun nəticəsi olaraq, vətəndaşlarımız da öz məsuliyyətlərini dərk edərək sosial sığorta-pensiya sistemində aktiv iştirak etməli, sosial sığortanın mahiyyətinin fərqinə varmalı, qeydiyyatdan kənar məşğulluqla işlədikləri müddət ərzində daima mübarizə aparmalıdırlar. Adıçəkilən sahə üzrə səlahiyyətli orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı gələn şikayətlər üzrə öz inzibati tədbirlərini mütəmadi olaraq həyata keçirir.  Bununla bərabər, vətəndaşlar da bu kimi hallarda özlərinin sosial sığortalanmasını mütləq hal kimi qəbul edərək işlədikləri müəssisə və təşkilatlardan əmək fəaliyyətinin rəsmiləşdirməsini tələb etməlidir. Bəzi hallarda vətəndaşlarımız, xüsusilə də gənc vətəndaşlarımız pensiya yaşına çatmağa uzun dövrün qaldığını əsas gətirərək, özlərində yanlış təsəvvür formalaşdıraraq pensiyanın əlçatmaz olduğu düşüncəsindən çıxış edib müəyyən hallarda sosial sığortadan yayınır və heç bir zaman pensiyaya çıxmayacaqlarını düşünürlər. Amma burada zəruri qeyd olunası məqam ondan ibarətdir ki, pensiya hüququ təkcə pensiya yaşı çatdığı zaman yaranmır, eyni zamanda, hansısa gözlənilməz bədbəxt hadisə nəticəsində erkən yaşda xəstəlik, əlillik müəyyən olunarsa, o zaman da məhz sosial sığorta ön plana çıxaraq yüksək pensiya təminatına imkan verə bilər. Yaxud digər halda,  ailə başçısı dünyasını dəyişərsə, bu, onun azyaşlı övladlarının kimsəsiz olduğu və ehtiyac duyduğu dövrdə sosial sığorta əsasında yüksək pensiya təminatı almasına yardımçı olar.


Göründüyü kimi, sosial sığortaya əsaslanan pensiya sistemi istənilən yaş dövründə insanı izləyə və həyatında baş verə biləcək sosial risk zamanı onun maddi təminatını bərqərar edib hadisələrin mənfi təsirindən minimum itkilərlə çıxmasına şərait yarada bilər.

Məqalələr