• 7 c Bakı
  • 1.7 AZN

Pensiya sisteminin yeni inkişaf mərhələsi


Pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və başlıca istiqamətlərdən biri sayılır. Həm əhatə dairəsinin genişliyinə, həm də sığorta prinsiplərini ehtiva etdiyinə görə, pensiya sistemi həmişə əhalinin xüsusi maraq dairəsində olur.

Ölkəmiz iqtisadi və sosial cəhətdən inkişaf etdikcə hər bir vətəndaş pensiya sistemində iştirakı özü üçün zəruri sayır və əmin olur ki, bu gün onun sığortalanması gələcək pensiya təminatı ilə birbaşa əlaqədədir. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verməkdədir. Əvvəlki illərlə müqayisədə bu gün iqtisadi sferada qeyri-rəsmi fəaliyyət göstərən daha çox vətəndaş əmək müqaviləsinin bağlanmasını mütləq hal kimi qəbul edir.

Hazırda ölkədə tətbiq olunan pensiya sistemi artıq 2006-cı ildən etibarən fərdi uçot əsasında müasir standartlara və sosial sığorta prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Həmin vaxta qədər ölkədə sovet dövründən qalmış, müasir iqtisadi prinsip və metodlarla uzlaşmayan, sığorta prinsiplərinə əsaslanmayan pensiya sistemi mövcud idi. Pensiyaların hesablanması aparılarkən son 2 ilin əməkhaqqına istinad edilməsi vətəndaşların ümumi əmək fəaliyyətini müəyyənləşdirən uğurlu meyar hesab oluna bilməzdi. Eyni zamanda, sosial sığorta haqlarının yığılması zamanı kifayət qədər problemlərin yaranması, sığorta haqqı hesablanarkən fərdiliyin gözlənilməməsi sistemə marağı azaltmaqla bərabər, həm də pensiya sisteminin maliyyə dayanıqlığına kölgə salırdı. Sadalanan amillər təbii olaraq, pensiya sistemində yeni islahatların reallaşdırılmasına ciddi əsaslar yaradırdı. Dövlət başçısının bu sahəyə xüsusi diqqəti sayəsində 2006-cı ildən etibarən sosial müdafiə sistemində yeni yol xəritəsi müəyyənləşdirildi. Həmin tarixdən ölkədə fərdi uçotun tətbiqinə start verilməklə bütün işləyən vətəndaşları əhatə edən sosial sığorta-pensiya sisteminin formalaşdırılmasına başlandı. İslahatlar çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında vətəndaşların nə qədər işlədiklərinə və onların fərdi hesablarında nə qədər pensiya kapitalının formalaşdığına dair məlumatların elektron şəkildə uçotu aparıldı. Sosial sığorta prinsiplərinin həyata keçirilməsinin ən üstün tərəflərindən biri əmək qabiliyyətli vətəndaşın işlədiyi dövrdə səmərəli və effektiv şəkildə fəaliyyət göstərməklə onu “sabahın narahatçılığı” düşüncəsindən xilas etməsi idi. Bundan əlavə, fərdi hesabda toplanan vəsaitin hər il mümkün inflyasiyaya uyğun şəkildə indeksləşdirilməsi, yığılan məbləğin heç bir itkiyə məruz qalmadığına və əməyinin nəticəsinin dövlətin himayəsində - etibarlı əllərdə olduğuna vətəndaşda inam yaranmasına ciddi əsaslar verdi.

Bu modelin uzunmüddətli uğurlu tətbiqi pensiya təminatı sistemində yeni inkişaf mərhələsinə yol açdı. Pensiya sistemində nazirliyin ötən il ərzində atdığı addımlar həm vətəndaşların pensiyalarının məbləğlərinin artmasına, həm də pensiya hüququ əldə etmə imkanlarının kifayət qədər mülayimləşməsinə səbəb oldu. Ötən il yanvar ayının 1-dən etibarən, “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2006-cı ildən 1 iyul 2018-ci ilə kimi hətta bir gün belə stajı (burada şərt sığorta ödənişinin şəxsin fərdi hesabında pensiya kapitalı şəklində formalaşmasıdır) olan vətəndaşlara 2006-cı il tarixinədək 25 il iş stajı tanındı. 25 il staj dövrü pensiya hüququnun yaranması üçün tələb edilən staj norması olduğundan dövlət tərəfindən edilən bu jestdən minlərlə vətəndaş müsbət mənada faydalana və pensiya hüququ əldə edə bildi. Burada zəruri qeydə ehtiyacı olan məsələlərdən biri də bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsidir. Hazırda olkədə pensiya yaşı həddi (kişilər 64 yaş 6 ay, qadınlar 61 yaş 6 ay) tamam olan hər bir vətəndaş elə həmin gün mobil telefon nömrəsi vasitəsilə pensiya hüququ əldə etməsinə dair mesaj almaqla xoş xəbər əldə edə bilir. Mesaj bölməsində vətəndaşa pensiyanın məbləği və plastik kartı müvəkkil bankdan neçə gündən sonra ala biləcəyi ilə bağlı məlumat verilir.

Pensiya təminatı sistemində pensiyaların məbləğinin minimum həddinə yenidən baxılması və əhəmiyyətli şəkildə artırılması da yaddaqalan önəmli hadisələrdən biri idi. Hələ 2019-cu ilin əvvəlində pensiyanın minimum məbləği 119,75 qəpik təşkil edirdi (bəzi kateqoriyalar üzrə, 3-cü qrup əlilliyi olan əmək pensiyaçıları üçün minimum məbləğ hətta 65-70 manat çərçivəsində ola bilirdi). Ötən ilin mart ayından etibarən minimum hədd 160, oktyabr ayından isə 200 manata çatdırıldı. Bu artımlar 600 min nəfərdən çox vətəndaşın pensiyasında özünü göstərdi. Nəhayət, bu ilin əvvəlində pensiyaların sığorta hissəsində həyata keçirilən indeksləşdirilmə ölkə tarixində məhz ən yüksək indeksləşmə göstəricilərindən biri kimi yadda qaldı.  Qeyd edək ki, pensiyaların indeksasiyası ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımına uyğun həyata keçirilir. Ötən il minimum əməkhaqqının artırılması ilə bağlı atılan addımlar (minimum əməkhaqqının 130 manatdan 250 manatadək qaldırılması), eyni zamanda, Prezidentin 2019-cu ilin ortalarında dövlət qulluqçuları, hərbi qulluqçular, bir sıra xüsusi rütbəli şəxslərin əməkhaqlarının böyük həcmdə artırılması ilə bağlı sərəncamları ümumilikdə ölkə üzrə orta aylıq əməkhaqqının önəmli ölçüdə artımına səbəb oldu. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən, ötən il ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi 16,6 faiz təşkil edib. Bununla da ölkə üzrə orta aylıq pensiyanın məbləği 300 manatın astanasına çatıb. Aşağıdakı cədvəldə ölkə üzrə orta aylıq pensiyanın son illər üzrə artım dinamikasına nəzər yetirək:

 

          manatla

Əmək pensiyaları

01.01.2018

01.01.2019

01.01.2020

Yaşa gore

233,7

249,3

330

Əlilliyə görə

175

185

256

Ailə başçısını itirməyə görə

215,2

229,8

301

Ümumi

208,4

221,4

295


Ötən il minimum pensiyanın 119,75 manatdan 160 manata çatdırılması üçün cari il ərzində illik 49 milyon manat, 160 manatdan 200 manatadək çatdırılması üçün illik 648 milyon manat, pensiyaların sığorta hissəsinin 16,6 faizlik indeksasiyalıq artımı üçün isə illik təxminən 560 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Son iki il ərzində pensiyalardakı artımın ödənilməsi üçün bu il ümumilikdə 1,2 milyard manata yaxın vəsait tələb olunur ki, həmin ödəmələr də Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına qarşılanacaq. Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinə nəzər yetirdikdə gəlir hissəsində son iki il ərzində sosial sığorta haqlarının artım dinamikası və dövlət büdcəsindən transferlərin azalması tendensiyası müsbət hal kimi xarakterizə edilməli, maliyyə dayanıqlığı baxımından önəmli göstərici hesab olunmalıdır.

Pensiya sistemində son illər ərzində atılan addımların nəticəsi kimi əldə olunmuş uğurlarla bağlı aşağıdakı bir sıra indikatorlara diqqət edək:

1. Əvəzetmə əmsalı: Ölkələrin iqtisadi sistemlərində mühüm göstərici olmaqla ölkə üzrə orta aylıq pensiyanın məbləğinin orta aylıq əməkhaqqına nisbəti şəklində müəyyən edilir. Azərbaycanda əldə olunan göstəricilər Avropa Sosial Xartiyasının müəyyənləşdirdiyi minimum 40 faizlik öhdəliyə, artıq neçə ildir, tam cavab verir. Sonuncu artımlardan sonra ölkə üzrə orta aylıq əməkhaqqı 2019-cu ildə 16,6 faizlik artımla 544,6 manatdan 635 manata çatıb. Pensiyaların indeksləşdirilməsindən sonra isə orta aylıq pensiyanın 295, yaşa görə pensiyaların 330 manata çatması ilə əvəzetmə əmsalı müvafiq olaraq ümumi pensiya üzrə 46, yaşa görə pensiya üzrə isə 52 faizə yüksəlib. Bu göstəricilərdə müşahidə olunan artım ölkəmiz adına sevindirici hal kimi qəbul edilə bilər. Eyni zamanda, nazirlik tərəfindən həmin nisbətin 70 faizədək artırılması ilə bağlı qarşıya qoyulmuş hədəf də təqdirəlayiq məqamdır.

2. Münasiblik əmsalı: Yaşı 65 və daha yuxarı olan əhalinin sayının pensiyaçıların ümumi sayında xüsusi çəkisini yaradan göstəricidir. Ölkə üzrə bu yaş qrupu üzrə əhalinin sayı 2017-ci il yanvar ayının 1-dək 620,3 min, 2018-ci il yanvar ayının 1-dək 648,2 min, 2019-cu ilin müvafiq dövrünə qədər isə 678,3 min nəfər təşkil edib. Əmək pensiyası ödənişlərini yaşı daha yuxarı olan əhalinin alması müsbət göstəricilərdən sayılır ki,  bu statistika 2017-ci ilin əvvəlinə 47,2, 2018-ci ilin əvvəlinə 49,2, 2019-cu ilin əvvəlinə isə 52,2 faiz səviyyəsində müəyyənləşdirilib.

3. Pensiya ödənişi xərclərinin ÜDM-ə nisbəti: Pensiyaların ödənilməsi xərcləri inkişaf etmiş ölkələrin iqtisadi və sosial siyasəti içərisində daima əhəmiyyətli paya sahib olub. Sosial dövlətin təməl prinsipləri məhz vətəndaşın rifahını təmin etməkdir. Ümumi daxili məhsulda (ÜDM) pensiya ödənişi xərclərinin payının artması dövlətin məhz sosialyönümlü olmasının əsas göstəricilərindəndir. Uzun illərdir, müstəqillyin səadətini yaşayan Azərbaycan vətəndaşları pensiya təminatının artan xətt üzrə inkişafını zaman-zaman, mərhələ-mərhələ öz həyatlarında hiss etiblər. Cari ildə pensiya ödənişi xərcləri məqsədilə 4 milyard 570 milyon manat vəsaitin nəzərdə tutulması və bu məbləğin ÜDM-dəki payının 5,5 faizə çatacağı proqnozu ölkənin pensiya sistemi tarixində reallaşan ilk və əlamətdar hadisə kimi xatırlanacaq.

         milyon manatla

Dövr

Ümumi daxili məhsul

Pensiya ödənişi xərcləri

Nİsbət (faizlə)

2018

79 797

3 407

4,3%

2019

81 681

3 743

4,6%

2020

83 321 (proqnoz)

4 570

5,5%

4. Əmək pensiyaçılarının sayının sığortaolunanların sayına nisbəti: Bu nisbət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından önəmli göstəricilərdən sayılır. Sistemin maliyyə dayanıqlığının sabitliyi və inkişafı üçün sığortaolunanların sayının pensiyaçıların sayından, ən azı, 3 dəfə çox olması lazımdır. Ölkəmizin pensiya sistemində nisbət 2018-ci il üzrə 2,4 dəfə müəyyən olunub, 2019-cu ildə isə 2,5 dəfəyədək yüksəlib. Bu göstəricinin artımı sosial sığorta-pensiya sistemində vacib faktorlardandır.

5. Ümumi pensiyaçıların içərisində işləyən pensiyaçıların sayı: İşləyən əmək pensiyaçıların sayının son dövrdə artması da mühüm nüanslardandır. Əgər işləyən, yaşa görə əmək pensiyaçılarının sayı 2018-ci il üzrə 112 min 356, 2019-cu il üzrə 113 min 917 nəfər idisə, 2020-ci ildə bu rəqəmin 115 minə çatacağı proqnozlaşdırılır. Bu dinamika fərdi hesablarında toplanan kapitalı çoxaltmaqla pensiyaçıların öz pensiyalarını artırmasına imkan yaradır, eyni zamanda, onların ölkə iqtisadiyyatında pensiyaçı kimi iştirak etmələrinə baxmayaraq, ÜDM-nin inkişafına da dəstək kimi qəbul olunur.

Göründüyü kimi, son illər ərzində pensiya sistemində bir sıra göstəricilər üzrə müsbət dəyişikliklər baş verib.

Görülən tədbirlər zamanı sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması niyyəti ilə bərabər, dövlətin öz vətəndaşının yanında olması, onun sosial rifahını hər şeydən üstün tutması, vətəndaşları həyatda baş verəcək mümkün sosial risk və təhlükələrdən müdafiə etməsi baxımından xoş niyyətin təzahürü kimi də qiymətləndirilə bilər.

Məqalələr