• 13 c Bakı
  • 1.7 AZN

Pandemiya dövründə pensiya təminatı


Bəşəriyyəti cənginə alan COVİD-19 qlobal pandemiyası insanların uzun illərdən bu yana alışdıqları həyat tərzini dəyişib onlara ciddi psixoloji sarsıntılar yaşatmaqla bərabər, həm də bütün dünyanı dərin iqtisadi böhranla üz-üzə qoydu.

Yaranmış situasiya bütün dünya ölkələrini öz milli iqtisadiyyatını iflic olmaqdan xilas etmək məqsədilə yeni yollar axtarmağa məcbur etdi. Bunun nəticəsi olaraq, ölkəmizdə də böhranın iqtisadiyyata, makroiqtisadi sabitliyə mənfi təsirinin minimuma endirilməsi məqsədilə qısa zamanda qətiyyətli, ardıcıl addımlar atılaraq dövlət tərəfindən genişmiqyaslı sosial-iqtisadi dəstək proqramlarına başlandı.

Bu dəstək tədbirlərindən biri kimi, 2,3 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardım) üzrə ödənişlərin davamlılığı təmin edilir. Və bu istiqamətdə ödənilən vəsaitlərin də ciddi artımı diqqəti cəlb edir ki, bu da sosial sahəyə xüsusi qayğını bir daha göstərir. Misal üçün, 2020-ci ilin ilk 6 ayında pensiyaların maliyyələşdirlməsi üçün 2 mlrd. 250 mln. manat vəsait sərf olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çoxdur. Ümumilikdə isə bu ilin 6 ayında pensiya, sosial müavinət və təqaüd, ünvanlı sosial yardım, 190 manat birdəfəlik ödəmə üçün 2019-cu ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla, 3 mlrd. 59 mln. manat sərf olunub.

Sosial-iqtisadi sferanın fərqli fəaliyyət sahələrini əhatə edən bu tədbirlər planında başlıca niyyət birmənalı olaraq ölkə iqtisadiyyatının stimullaşdırılması ilə yanaşı, əhalinin sosial rifahının diqqətdə saxlanılması, çoxşaxəli sosial dəstək tədbirlərinin gerçəkləşdirilməsi idi. Belə vəziyyətdə vətəndaşların sosial müdafiəsinə, əhalinin pensiya təminatına cavabdehlik daşıyan dövlət qurumunun çevik və məqsədyönlü tədbirləri nəticəsində pensiya təminatının nəinki dayanıqlığı, ödənişlərin davamlılığı, eyni zamanda, bu ödənişlərin dinamik artımı təmin edildi.

Əhalinin ən çox sorğu ünvanladığı sahə olaraq sosial müdafiə sisteminin əsas istiqaməti sayılan pensiya təminatı ilə bağlı müraciətlərin rəsmiləşdirilməsi və həlli zamanı əvvəlki dövrlərdə, daha konkret desək, iki il öncəyə qədər bir sıra çətinliklər mövcud idi. Bu çətinliklər pensiya hüququ yaranan və pensiya hüququnun reallaşdırılması üçün vətəndaşlardan tələb olunan sənədlərin çoxluğu ucbatından yaranırdı. Vətəndaşlar pensiya təyinatlarının həyata keçirilməsi üçün bəzən iki-üç ay sənəd toplamalı idi. Bu, həm də çoxsaylı məmur-vətəndaş təmaslarına, bürokratik hallara səbəb olurdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan genişmiqyaslı sosial islahatlar nəticəsində əmək, məşğulluq, sosial müdafiə sistemində innovativ həllərin uğurlu tətbiqi həmin çətinliklərin də biryolluq aradan qalxmasına, pensiya təyinatları sahəsində vətəndaş məmnunluğuna yol açan elektron təyinat xidməti mexanizminin formalaşmasına səbəb oldu.

Beləliklə, 2019-cu ilin əvvəlindən  Azərbaycanda ilk proaktiv xidmət kimi, avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandı. Vətəndaşlara pensiya hüququ yarandığı gün heç bir yerə müraciət etmədən, sənəd təqdim edilmədən avtomatik şəkildə pensiya təyinatı aparılır və bu barədə onun mobil telefonuna məlumat göndərilir. Ümumilikdə, 2019-cu ildə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemi işə salınıb və bu ilin 1 iyulunadək həmin elektron təyinat sistemləri vasitəsilə 85,1 min nəfərə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub. Həmçinin, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 13 yeni "e-arayış" xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu e-arayış xidmətləri vasitəsilə 324 min insana e-qaydada arayışlar verilib. Eləcə də, bu ilin 6 ayında E-SSN (Sosial Sığorta Nömrəsi) xidməti vasitəsilə 120 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Bu ilin mart ayından - pandemiyanın ölkəmizdə yayılmağa başladığı dövrdən pensiya təyinatlarının elektron qaydada və şəxsin pensiya hüququ yarandığı gün ərzində həyata keçirilməsi insanların sağlamlığının qorunması, eləcə də fiziki təmasın minimuma endirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Xüsusilə, yaşlı insanların virusdan daha çox əziyyət çəkdiyi indiki günlərdə bu formanın tətbiqi pensiyaçıların evdən yalnız bir dəfə - müvəkkil bankdan plastik kartını almaq üçün çıxmasına şərait yaradır ki, bu da onların sözügedən xəstəliyə yoluxmaq ehtimalını minimuma endirir.

Sosial sığorta prinsiplərinə xələl gətirilmədən vətəndaşların pensiya təminatının maksimum səviyyədə rahatlıqla həlli və baş verən dəyişikliklərin pensiya məbləğlərində özünü əhəmiyyətli dərəcədə göstərməsi də məhz bu yeniliklərin yaratdığı üstünlüklərdəndir. Məlum olduğu kimi, 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, yeni islahat tədbiri kimi, ötən ilin əvvəlindən 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir. Həmin 25 illik stajın, eləcə də 2006-cı ilin yanvarın 1-i tarixindən sonrakı dövr üzrə fərdi hesabda qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. 

Bu, dövlət tərəfindən hər bir pensiyaçıya 18532 manat (25 il x 741,3) pensiya kapitalının tanınması deməkdir. Başqa sözlə desək, bu addımla dövlət formalaşan ümumi pensiyanın 128 manatlıq (18532 : 144 ay) hissəsini öz vətəndaşına hədiyyə etmiş olur. Qalan hissə isə 2006-cı ildən sonra vətəndaşın fərdi hesabında formalaşan pensiya kapitalına əsasən müəyyənləşdirilir. 2006-cı ildən sonra hətta 1 manatlıq pensiya kapitalı formalaşan şəxsə də ümumilikdə 129 manat həcmində yox, başqa bir yenilik nəticəsində pensiya hesablanması həmin məbləği 200 manata çatdırmaqla həyata keçirilir. Bununla da, minimum əmək stajına malik insanların əmək pensiyasına çıxmaları üçün maksimum dəstək verilir. Sosial sığorta sistemində təşviqləndirici dəstək baxımından bu yeniliyin də böyük önəm daşıdığını xüsusi qeyd etmək lazımdır.

Müasir pensiya sisteminin tətbiqinə 2006-cı ildən başlanıldığından hər bir vətəndaşın pensiyası həmin tarixdən etibarən çalışdığı dövr üzrə, əmək fəaliyyətinin səmərəliliyi əsas götürülməklə hesablanır. Vətəndaşın əmək məhsuldarlığına münasib şəkildə aldığı əməkhaqqından ödənilən sosial sığorta haqları yüksək pensiya kapitalının formalaşmasına və beləliklə də, onun gələcəkdə layiqli, daha üstün pensiya ilə təmin olunmasına imkan verir.

Pensiyalarda artım dinamikası da davam edir. 2019-cu ildə Azərbaycanda minimum pensiya 72,4 faiz artırılaraq 200 manata çatdırılıb. 2020-ci ilin əvvəlindən pensiyaların ötən ilki orta əməkhaqqı artımı göstəricisinə uyğun 16,6 faiz artırılması təmin olunub. Bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27 faiz artaraq 300 manata, o cümlədən, yaşa görə orta aylıq pensiya 25,24 faiz artaraq 330 manata yaxın olub.

Həmçinin, bu ilin əvvəlinə qədər yaşa görə əmək pensiyasından məhrum olan şəxslər yaşa görə sosial müavinət almaq üçün illərlə gözləməli idilər. Müavinət yaşının pensiya yaşına endirilməsi və bu təminatlar üzrə yaş hədlərinin eyniləşdirilməsi pensiya hüququndan faydalana bilməyən insanların təminatdan kənarda qalmamalarına imkan yaratdı. Pensiya yaşına çatdıqda tələb olunan staj və kapitala malik olmayanlara, pensiya yaşı çatan gün pensiya hüququ yaranmasa da, yaşa görə sosial müavinət almaq, sosial təminatdan yararlanmaq hüququ verilməsi də dövlətin sosial sahədə humanist addımlarından biri oldu.

Pensiya sahəsində daha bir humanist yanaşma pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsində özünü göstərir. Belə ki, yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, onların daha üstün məbləğdə sosial ödənişlər ala bilmələrinə şərait yaradılması üçün humanist mövqedən onlara yeni hüquq verilməsi nəzərdə tutulub. Belə ki, layihədə pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçə bilməsinə imkan verilməsi də yer alıb.

2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və onun DOST mərkəzləri tərəfindən vətəndaşlara yüksək səviyyəli kompüterləşmə və müfəssəl informasiya əldə etmə imkanı qazandıran, "bir pəncərə"dən müasir, rahat xidmətlər təqdim olunur. Sosial müdafiə sahəsinin bütün qollarını özündə cəmləşdirən DOST mərkəzləri vətəndaşları bir neçə instansiyaya müraciət etmək məcburiyyətindən qurtarmaqla yanaşı, həm də onlara köməkçi xidmətlər çərçivəsində müraciətlərin yerində cavablandırılması şansı yaradır.

Vətəndaşların arzu və istəklərinə uyğun bir konsepsiya kimi DOST-u dövlətin müasir sosial xidmətlərinin, ümumən vətəndaş məmnunluğuna yönələn  sosial siyasətinin aynası da hesab etmək olar.

Məqalələr