• 19 c Bakı
  • 1.7 AZN

Sosial müdafiə sisteminin demoqrafik problemləri


Hazırda sosial müdafiə sahəsində baş verən inkişafa nəzər salsaq, 20-ci əsrin son rübünün sosial müdafiə sistemlərinin böhranlı günlər keçirdiyini müşahidə etmiş olarıq. Dəyişən iqtisadi və sosial şərtlər nəticəsində sosial müdafiə sistemləri ciddi təsirə məruz qalmışdır və buna görə də bir çox ölkədə bəzi islahatlar aparmaq məcburi olmuşdur. İnkişaf etmiş ölkələrdə yetkinlik təcrübəsi olan sistemlərin ciddi böhran keçirdiyini, inkişaf etməkdə olan ölkələrdə isə məhdud resurslara görə çatışmazlıq problemi yaşandığını demək olar.  Dünyada  sosial müdafiə sistemlərində yaşanan əsas resurs problemi isə məlum olan mənfəətə əsaslanan paylama metodunun tətbiq edilməsinin nəticəsi olaraq meydana gəlir və bu metodun tətbiq edildiyi ölkələrdə sosial müdafiə sistemi demoqrafik, siyasi, iqtisadi və maliyyə olmaqla bir çox faktordan qaynaqlanan resurs problemi ilə qarşılaşır.

İnkişaf etmiş ölkələrdə sosial müdafiə sistemində yaranmış böhranın əsas səbəblərindən biri doğum sayının azalması ilə yanaşı gənc əhalinin sürətlə azalması və orta hesabla götürülən insan ömrünün uzanmasına paralel olaraq meydana gələn uzunömürlülüklə bərabər qocalmağa olan meylin artmasıdır. Yaşlılıq hadisəsi istehsal qabiliyyəti olmayan əhalinin artımına bununla əlaqədar olaraq, sistemdə maliyyələşdirməni təmin edən fəaliyyət qabiliyyəti olan əhalinin artımının məhdudlaşmasına səbəb olmuşdur. Doğum nisbətlərindəki azalma və uzunömürlülük nəticəsində 65 yaş və yuxarı əhalinin sayının ümumi əhaliyə nəzərən artması isə bir tərəfdən sosial müdafiə sistemlərinin gəlirlərinin azalmasına, digər tərəfdən xərclərin artmasına səbəb olmuşdur.  Beləliklə, sosial sığorta-pensiya sistemlərində sığortaolunanlarla pensiyaçıların nisbəti pensiyaçıların xeyrinə pisləşmiş və bu vəziyyət sosial müdafiə sistemlərinin dəyərinin artmasına səbəb olub.

Aktuar balansın pozulmasına səbəb olan yaşlı əhali problemi sistemin sağlamlıq sahəsinə də mənfi təsir göstərmiş, xüsusilə yaşlı əhalinin artması ilə birgə profilaktik səhiyyə xidmətlərindən daha çox müalicəvi səhiyyə xidmətlərinə üstünlük verilməsi, sosial müdafiə sistemində səhiyyə xidmətləri üçün xərclənən vəsaitin də artması ilə nəticələnib. Lakin demoqrafik problemlər ilkin olaraq pensiya ilə bağlı problemləri ön plana çıxarmış və ölkələrin pensiya proqnozları verməklə sistemi bərpa etmə işlərinin həyata keçirilməsinə daha çox səy göstərməsinə səbəb olub.

İnkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdə yaşanan demoqrafik problemlərlə hələ qarşılaşmamış olsa da bu ölkələrdə də inkişaf etmiş ölkələrdəki qədər olmasa belə yaxın gələcəkdə demoqrafik problemlərin baş verəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin ən böyük problemi yaşlı asılılıq nisbəti ilə sığortalı asılılıq nisbətinin (pensiyaçıların sayının sığortaolunanların sayına olan nisbəti) üst-üstə düşməməsidir. Paylama metodunun düzgün qaydada fəaliyyət göstərməsi üçün bu iki nisbət bir-birinə yaxın olmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, yaşlı asılılıq nisbətinin artmasına səbəb olan demoqrafik dəyişmə paylama metoduna da mənfi təsir edir və sistemin balansını pozur. Sosial müdafiə sistemlərinin balansının pozulmasına hər nə qədər inflyasiya və qeyri-rəsmi məqamlar və başqa amillər olsa da demoqrafik quruluşda meydana gələn bu dəyişikliklər sistemin dayanıqlılığının təmin edilməsində əhali kimi demoqrafik amillərin də digər amillərlə yanaşı müzakirə olunmasının vacibliyini göstərir.  Bu çərçivədə, demoqrafik keçid prosesinin araşdırılmasına ehtiyac yaranır.    

Məqalələr