• 7 c Bakı
  • 1.7 AZN

Uzun ömürlülüyün pensiya sisteminə təsiri


Sosial müdafiə sistemi ilə ölkənin demoqrafik quruluşu arasında sıx əlaqə var. Bu əlaqənin pozulması sistemdə böhran baş verməsinə səbəb olur. Bir tərəfdən səhiyyə xidmətlərində təmin edilən inkişaf nəticəsində ortalama insan ömrünün uzanması, digər tərəfdən də doğum məhsuldarlığının azalması, xüsusilə inkişaf etmiş ölkələrdə əhali quruluşunu dəyişdirmiş və yaşlı bir əhali meydana gəlmişdir. İnkişaf etmiş ölkələrdə demoqrafik quruluşda baş verən dəyişiklik, sosial müdafiə sisteminin ən mühüm böhran səbəbi hesab edilir.

65 yaş və yuxarı əhalinin ümumi əhali arasında olan sayının artmasının, sosial müdafiə sisteminin bir tərəfdən gəlirlərinin azalması, digər tərəfdən də xərclərinin artmasına səbəb olduğu nəzərə alınarsa, yaşlı əhalinin sayının artmasının təsiri nəticəsində yaş qrupları arasındakı xərclərin istiqamətinin dəyişəcəyi fikrini irəli sürmək mümkündür. 

Avropa İttifaqı ölkələr üçün pensiya xərcləri hər nə qədər müxtəlif olsa da bu ölkələrin ortaq cəhəti qocalmanın birbaşa olaraq gələcəkdə pensiya xərclərini artıran qüvvəyə malik olmasıdır. Hər ölkə üçün pensiya aylığının 2050-ci ilə qədər ciddi dərəcədə artım göstərəcəyi, həmin ölkələr üçün 2004-cü ildə ÜDM-nin 10,6 %-i olan pensiya aylığının 2050-ci ilə qədər ÜDM-nin 12,9%-ə çatacağı proqnozlaşdırılır. Pensiya xərclərində artıma səbəb olan demoqrafik quruluşda meydana gələn bu dəyişikliklə birgə yaranan uzunömürlülük, xüsusilə demoqrafik dəyişikliklərin asanlıqla təsir göstərdiyi, müəyyən bir dövrdə aktiv sığortaolunanların ödədikləri sosial sığorta haqlarının, eyni dövrdə pensiya ödənişlərinin maliyyələşdirilməsi üçün istifadə edilən paylama metodunu (PAYG) mənfi cəhətdən təsirə məruz qoyur. Əhalinin artım sürətinin dayanması, insan ömrünün uzanması - paylama metodunun düzgün fəaliyyətə davam edə bilməsi üçün mühüm bir kriteriya olan yaşlı asılılıq nisbətinin gündən-günə böyüməsinə səbəb olur. Bu vəziyyət sosial müdafiə sisteminin maliyyə balansını ciddi dərəcədə poza bilər.

Xüsusilə paylama metodunun milli miqyasda istifadə olunmağa başlandığı 1880-ci ildən sonra, ortalama insan ömrünün 45 il, pensiya yaşının isə 65 yaş olaraq qəbul edildiyi bir sosial mühitdə, 6-7 sığortaolunan şəxsin bir pensiyaçıya uyğun olaraq hesablandığını nəzərə alsaq, eynilə bu metodla fəaliyyət göstərən sosial müdafiə sistemləri üçün insan ömrünün uzanması, pensiyaçıların sayında artıma aparan səbəblərdən biridir.  Buna görə də, uzunömürlülük, pensiya sistemləri baxımından, əslində, böyük bir risk yaradır.

Hazırda pensiya planlarının demoqrafik dəyişikliyə, xüsusilə də artan insan ömrünə necə uyğunlaşacağı ilə əlaqədar məsələlər müzakirələrə səbəb olur. Artan ömür uzunluğu ilə birgə uzunömürlülük riski bir çox ölkələrdə müzakirə mövzusu olmuş və bir çox ölkələrdə sosial müdafiə islahatları müzakirə mərkəzinə çevrilmişdir. Amerika, İngiltərə və Almaniya kimi bəzi ölkələrdə həm pensiya yaşını, həm də mükafat nisbətlərini artıran islahatlar aparılmış, İsveç, İtaliya, Polşa və Latviya kimi bəzi ölkələrdə isə, həm pensiya yaşını, həm də pensiya aylıqları üçün ömür uzunluğunu nəzərə alan bəzi islahatlar aparılmışdır. Həyata keçirilən bu islahatların məqsədinin isə nəsillərarası ədalətin və risk bölüşdürülməsinin təmin edilməsi olduğu vurğulanmışdır.

Uzunömürlülüyün səbəb olduğu yaşlı əhali  probleminin aradan qaldırılması istiqamətində ilk addımlar ümumilikdə sistemdə tarazlıq əldə etməyi hədəfləyən "pensiya yaşının artırılması", "ilkin faizlərin artırılması" və ya "pensiya aylıqlarının azaldılması" şəklində olan parametrik islahatlardır. Bu baxımdan, ölkələrin izlədiyi ikinci bir strategiya isə, sistemin davamlılığını təmin etmək üçün daha məqsədyönlü həll üsulları təklif edən struktur islahatlardır. Bu səbəblə, məsələ ilə əlaqədar olduğu üçün növbəti hissədə uzunömürlülük riskinin qarşısını almaq üçün islahat aparan bəzi ölkələr açıqlanmışdır.

Pensiya yaşı ilə əlaqədar aparılmış tənzimləmələr

Pensiya sistemlərində hər ölkə fərqli islahatlar həyata keçirsə də, islahatların əsas başlanğıc nöqtəsi sosial müdafiə sistemlərinin maliyyə dayanıqlılığını təmin etməkdir.  Sistemin maliyyələşməsi, pensiya yaşı və ömür uzunluğu arasındakı tarazlığın qorunması ilə sıx bağlıdır. Pensiya dövründəki ömür uzunluğu ölkədən ölkəyə dəyişir, beləliklə, bəzi ölkələr pensiyaya çıxdıqdan sonra daha uzun müddət aylıq ödəməli olurlar. Məlum olduğu kimi, bir çox OECD ölkələrində 65 yaş olaraq təyin olunan pensiya yaşı belə, artan ömür müddəti ilə müqayisədə kifayət etmir. Bu səbəbdən, bir çox ölkələr uzanan ortalama insan ömrünə uyğun olaraq pensiya yaşını tədricən artırmağa başlamış və hətta bəzi ölkələrdə pensiya yaşı 65-dən yuxarı hesab edilməyə başlanmışdır. 

Uzunömürlülük riskinə qarşı islahat aparan bəzi ölkələr

Ömür uzunluğunda baş verən artım, paylama üsuluna əsaslanan mənfəət əldə etmək məqsədi daşıyan pensiya sistemlərinin maliyyələşməsini getdikcə çətinləşdirmiş və bu vəziyyət qarşısında bir çox ölkələr mövcud sığortalılardan alınan mükafat miqdarını artırmağa məcbur olmuşdur. Demoqrafik və iqtisadi dəyişikliklərə müqavimət göstərməkdə parametrik islahatların kifayət etməməsi, ölkələri struktur islahat axtarmağa yönəltmişdir. Struktur islahatlarda müəyyən edilmiş mənfəət əsaslı pensiya sistemindən müəyyən fayda əsaslı pensiya sistemlərinə yaranan meyldən söhbət gedir. Sosial müdafiə sisteminin maliyyələşməsində maliyyə resursu və tamamlayıcı proqramların artırılması, sığortalıların öz hesablarını idarə etmədə səlahiyyət sahibi olması və investisiya riskini öz öhdələrinə götürməsi bu islahatların əsas xüsusiyyətləridir. Uzunömürlülük riski qarşısında əvvəlcə pensiya yaşını artıran parametrik islahatların aparıldığı əvvəlki bömədə açıqlanmışdır. Sözügedən riski aradan qaldırmaq üçün pensiya yaşını dəyişdirməkdən başqa  istifadə edilən bir başqa üsul; gələcək illərdə ortalama insan ömrünün artımını nəzərə alaraq pensiya aylığını ömür uzunluğuna uyğun olaraq müəyyənləşdirən struktur islahatlar aparmaq olmuşdur.

Pensiya aylığının ömür uzunluğuna görə tənzimlənməsində, pensiya yaşı daha çox dəyişikliyə əlverişli saxlanılır və sığortalılara erkən pensiyaya çıxdıqları halda daha az pensiya aylığı almaq və ya pensiya aylığının azaldılmaması üçün bir az daha artıq işləmələri arasında seçim haqqı verilir.  Aylıq pensiyaların bu şəkildə tənzimlənməsi, ümumiyyətlə əlavə fayda əsaslı sistemə və ya İsveçin istifadə etdiyi virtual hesablara əsaslanan pensiya sistemlərində istifadə olunur. Lakin, uzunömürlülüyün baş verməsi nəticəsində istifadə olunan bu tənzimləmə üsulu Finlandiya və Portuqaliyada olduğu kimi mənfəət əsaslı pensiya sistemlərində də tətbiq edilə bilər.

Fransa və Danimarka kimi pensiya sistemləri mənfəət əsaslı pensiya sisteminə əsaslanan və artan insan ömrü səbəbindən aylıq pensiya miqdarını ömür uzunluğuna uyğun tənzimlənməsindən başqa dəyişikliklər aparılmasını planlaşdıran bəzi ölkələr də mövcuddur. Fransada 2012-ci ildən etibarən pensiya aylığı hüququ qazanmaq üçün tələb olunan günlərin sayının, Danimarkada isə 2028-ci ildən etibarən pensiya yaşının 60 yaşındakı ömür uzunluğu nəzərə alınaraq müəyyənləşdirilməsi planlaşdırılmışdır. Uzunömürlülük nəticəsində pensiya sistemlərində dəyişiklik edən ölkələrdən bəziləri haqqında qısa məlumat qeyd edilmişdir.

İsveç

İsveçin sosial müdafiə islahatı 1999-cu ildə həyata keçirilmiş və tədricən tətbiq edilməyə başlanmışdır.  İsveç, islahat çərçivəsində əvvəlcə mənfəət əsaslı pensiya sistemindən təməldə müəyyənləşdirilmiş fayda əsaslı virtual hesablar pensiya sisteminə (SHES) keçmişdir.

Virtual hesablar pensiya sistemi; sabit fayda nisbətindən istifadə edən və maliyyə resursu olan fayda əsaslı pensiya sisteminin elementlərini ehtiva edən, maliyyələşməsini isə PAYG prinsiplərinə uyğun həyata keçirən pensiya sistemidir. Bu sistemdə, əlavə faydalar şəxsi hesablarda saxlanılır və bu aktivlər qanunla müəyyən edilmiş faizlə yenilənir. İstifadə olunan bu sistemin ən gözə çarpan xüsusiyyəti, uzunömürlülük riskini özündə cəmləyən və müəyyən olunmuş texniki faizlə ömür uzunluğunu ifadə edən G əmsalının hesablanması (longevity amili və ya uzunömürlülük amili) və şəxsin əldə etdiyi ümumi fayda nəzərə alınaraq hesablanacaq aylıq pensiyanın bu əmsalla mütənasib olan hissəsinin hər ay ödənilməsidir. Pensiya almaq hüququ qazana bilmək üçün minimum yaşın 61 olaraq təyin olunduğu İsveçdə, Longevity amili (uzunömürlülük amili) pensiya yaşına çatdıqda isə baş verən ən son ölüm halları nəzərə alınaraq hesablanır və bu göstərici hər nəsil üçün fərqli olur.

İtaliya

1995-ci ildə həyata keçirilən və Dini islahat olaraq adlandırılan İtalyan pensiya islahatı 1996-cı ildən etibarən qüvvəyə minmişdir. Bu struktur islahatı ilə, İtaliya da PAYG sistemini dəyişdirmiş və İsveçdə tətbiq olunan virtual hesablar pensiya sistemini mənimsəmişdir. Sistemdə pensiya yaşı 57-65 yaş arasında müəyyən edilmiş və fərdi hesablar hər il ümumi əmək haqlarının üçdə birini təşkil edəcək şəkildə tənzimlənmişdir. Ödəniləcək aylıq pensiya miqdarı isə, insanın əmək fəaliyyəti müddətində fərdi hesabına qoyulan və dəyər qazanan mükafatların çevrilmə əmsalı adlandırılan əmsala vurulması nəticəsində əldə olunur.

Çevrilmə əmsalı, İtaliyanın Əmək və Sosial Siyasət Nazirliyi tərəfindən, ömür uzunluğu və Ümumi Daxili Məhsulda baş vermiş dəyişiklik nəzərə alınaraq, dövri olaraq hər 10 ildən bir  dəyişdirilir. Buna görə də pensiya aylığı - şəxsin hesabında toplanan məbləğə, 57 – 65 yaş arasında dəyişən pensiya yaşına və ömür uzunluğuna istinadən hesablanmış bu əmsala əsasən müəyyən edilir. Aylığın məbləğini təyin edən və Pensiya İslahatı Qanunu ilə müəyyən edilən bu əmsal, müxtəlif pensiya yaşlarına müvafiq olaraq 8-ci cədvəldə təqdim edilmişdir. Göründüyü kimi, hər nə qədər pensiya yaşı ilə əlaqədar bir seçim hüququ verilmiş olsa da, çevrilmə əmsalı dəyərləri yaş artdıqca gedərək artdığı üçün, əmsalın erkən pensiyaya çıxma fikrindən daşındırıcı funksiyaya sahib olduğunu demək mümkündür.

Finlandiya

Uzunömürlülük riskini nəzərə alan islahatların əsas xüsusiyyəti, ümumiyyətlə fayda əsaslı pensiya sistemlərində və ya virtual hesablar pensiya sistemlərində tətbiq olunmasıdır.  Finlandiyanın isə, yuxarıda qeyd olunan digər ölkələrdən fərqi, bu riskin azaldılması istiqamətində həyata keçirmiş olduğu islahatın mənfəət əsaslı pensiya sistemində tətbiq etməyə başlamasıdır.

Finlandiyada 1930-cu illərdə milli pensiya sistemləri üçün pensiya yaşı təyin edilərkən, insanların orta ölüm yaşları nəzərə alınaraq, 65 yaş ortalama ölüm yaşı olaraq götürülmüşdür.  Hazırda isə 65 yaşdan yuxarı yaşlı əhalinin ölüm nisbətlərinin azalması və ortalama insan ömründə baş verən artımla, sözügedən bu ortalama yaşın 81-ə çatması, ölkənin pensiya sistemində yeni bir tənzimləməyə ehtiyac olduğunu göstərir.  Bu səbəblə, 2005-ci ildə yaşlanmanın təsirini azaltmaq üçün bir islahat həyata keçirilmişdir.

Bu islahatla ilk növbədə mükafat nisbətlərinin artırılmasını tələb edən təzyiqlərin azaldılmasına cəhd edilmiş, pensiya aylıqlarının səviyyəsi də ömür uzunluğunu əks etdirəcək formada tənzimlənmişdir. Bundan əlavə, əmək fəaliyyəti müddətində qazanılan ümumi qazancla aylıq pensiya arasında sıx əlaqə yaradılaraq, insanları daha uzun müddət əmək fəaliyyəti ilə məşğul olmağa və sistemdə daha uzun müddət qalmağa həvəsləndirmək məqsədi daşımışdır.

2005-ci il islahatından əvvəl 65 yaş olaraq təyin edilən pensiya yaşı, islahatdan sonra 62-68 yaş arasında seçim hüququndan istifadəyə əsasən təyin edilir. Bununla bağlı pensiya aylığını hesablayarkən, aylıq bağlama nisbəti (ABO); 18-52 yaş arasında 1,5%, 53-62 yaş arasında 1,9%, və 63-68 yaş arasında isə 4.5% olaraq tətbiq olunur. 2005-ci il islahatı ilə, xüsusilə, qazancla əlaqəli pensiya planında bəzi dəyişikliklər nəzərdə tutulmuşdur.  İslahatla aylıq pensiya almaq hüququ əldə etmək üçün qoyulan şərtlər sadələşdirilmiş, daha şəffaf və daha aktuar əsaslara dayanan bir pensiya sistemi qurmaq üçün tədbirlər görülmüşdür. Bu səbəblə, maliyyə dayanıqlılığının gücləndirilməsi və uzunömürlülük riskini minimuma endirmək məqsədi ilə orta insan ömründəki dəyişiklik də daxil olmaqla, pensiya aylığının hesablanmasında yeni tənzimləmələr edilmişdir. Bu istiqamətdə, insan ömründəki artım və ya azalmanı avtomatik olaraq əks etdirən aktuar hesablama əsaslı bir əmsala (longevity əmsalı) görə aylıq pensiya məbləğinin müəyyənləşdirilməsinə qərar verilmişdir.

Beləliklə, bu əmsal sayəsində pensiyaya çıxacaq hər yeni nəslin pensiya aylığının məbləğində insan ömründəki dəyişiklik öz əksini tapacaqdır. 2010-cu ildən sonra ömür uzunluğunda artım baş verərsə, əmsalın dəyəri 1-dən az olacaq və insan ömrünün uzunluğundan asılı olaraq  bu əmsalın azalmasını kompensasiya etmək üçün insanların daha çox əmək fəaliyyəti ilə məşğul olmalarını və ya daha az bir aylıq almağa razı olaraq pensiyaya çıxmalarını təmin edəcək.

Pensiya aylığını təyin etmək üçün istifadə olunan bu əmsal eyni zamanda fərdlərin aylığında hər hansı bir itki verməyəcəyi pensiya yaşını təyin etmək üçün də istifadə olunur.  Bu səbəblə, bir çox ölkədə ümumi qaydalar çərçivəsində 65 yaş olaraq təyin olunan pensiya yaşı Finlandiyada 62 -68 yaş müəyyən edilərək fərdi seçim əsasında təyin edilir. Lakin, 62 yaşında pensiyaya çıxmağa hazırlaşanlar üçün aylıq itki ehtimalı olacağına görə pensiya aylığı adətən 63 yaşdan etibarən hesablanır və yaş artımı əmsala müvafiq olaraq aylıq əsasda tənzimlənir. Bu məlumat daxilində sistemin fəaliyyətini göstərmək məqsədilə Finlandiya tərəfindən müxtəlif nəsillərə uyğun olaraq hesablanmış əmsal dəyərləri və pensiya aylığı itkisini kompensasiya edəcək əlavə fəaliyyət müddətləri 9-cu cədvəldə göstərilmişdir.

1957-ci il təvəllüdlü şəxs istəsə 63 yaşına çatdıqda 2020-ci ildə pensiyaya çıxa bilər.  Belə olan halda isə pensiya aylığının miqdarı o il üçün 0,926 olaraq hesablanmış əmsal dəyərinə vurulmuş məbləğ qədər olacaqdır. Lakin şəxs pensiya aylığında yaranacaq bu azalmanı kompensasiya etmək istəsə, əmsalın qarşılığında öz seçimindən asılı olaraq əlavə 9 və ya 11 ay əmək fəaliyyəti ilə məşğul olmasına icazə verilir. Eyni zamanda, ortalama insan ömrü artdıqca əmsal dəyəri zaman keçdikcə azalmaqda və əlavə əmək fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan illərin müddəti də buna müvafiq olaraq artmaqdadır.

Məqalələr