Sosial sığorta-pensiya qolu ölkəmizdə
tətbiq olunan sosial müdafiə sisteminin mərkəzində dayanır. Sosial sığorta
həyatımızda baş verən sosial risklərdən sonra maddi itkilərimizin azaldılmasına
yönəldilmiş addımlar çərçivəsində dövlət tərəfindən bizə verilən dəstəklərlə
müəyyənləşir.
Sosial risklər iradi və ya qeyri-iradi olmaqla həyatımızda baş verməsi şübhə
doğurmayan hadisələrdir. Evlənmək və uşaq sahibi olmaq kimi xoş hadisələrlə
yanaşı, xəstəlik və ölüm halları kimi məyusedici hadisələr də sosial riskin
əhatə dairəsinə aid edilir və sosial sığortanın funksiyalarına şamil olunur.
Pensiya ilə bağlı məsələ sosial sığorta hadisələri içərisində ən
geniş yayılanıdır. Sosial sığorta ilə pensiya arasında səbəb-nəticə əlaqəsini
vurğulamaqla bərabər, pensiya almaq səbəbinin məhz sosial sığorta, sosial
sığortanın nəticəsinin isə pensiya olduğunu qeyd etmək doğru olardı.
Son günlər vətəndaşlara göstərilən iqtisadi dəstək paketləri içərisində məcburi
dövlət sosial sığorta haqları dərəcələrinin endirilməsinə dair qanunverciliyə
ediləcək dəyişiklik layihəsi önəmli addımlardan biri kimi yadda qaldı. Bu
günlərdə Milli Məclisdə "Sosial sığorta haqqında" qanuna edilən dəyişikliklərin
nəticəsi olaraq bəzi sahələr üzrə sosial sığorta dərəcələri endirilərək daha
aşağı faizlərlə müəyyənləşdiriləcək. Sahibkarlıq fəaliyyəti üzrə tikinti və
ticarət sahəsində çalışan vətəndaşlarımız indiyədək minimum aylıq əməkhaqqının 50
faizi, digər sahələr üzrə 25 faiz çərçivəsində sosial sığorta haqları
ödəyirdisə, 1 aprel tarixindən etibarən ilin sonuna kimi tikinti və ticarət
sahəsində sığorta haqqı dərəcələri 50 faizdən 25 faizədək, digər sahələr üzrə
isə 25 faizdən 15 faizədək azaldılacaq. Növbəti ildən etibarən isə bəzi sahələr
üzrə - fərdi qaydada bərbər və dərzi fəaliyyəti göstərən vətəndaşlarımız üçün
minimum aylıq əməkhaqqının Bakı şəhəri üzrə 6 faizinədək sosial sığorta haqqı
dərəcələri müəyyən olunacaq (digər ərazilər üzrə daha aşağı faiz
müəyyənləşdiriləcək). Yaxud başqa cür desək, indiyədək 125 manat sosial sığorta
haqqı ödəyən vətəndaşlarımız cari ilin sonunadək 62,5 manat, 62,5 manat sığorta
haqqı ödəyən vətəndaşlarımız 37,5 manat, fərdi qaydada fəaliyyət göstərən
bərbərlər və dərzilər isə əvvəlki dövrlərdə 62,5 manat sığorta haqqı
ödəyirdisə, növbəti ildən etibarən 15 manatadək sığorta haqqı ödəyəcəklər. Ötən
il ölkə üzrə minimum əməkhaqqının 130 manatdan 250 manatadək əhəmiyyətli
dərəcədə artırılması bu sahələr üzrə fəaliyyət göstərən vətəndaşlarımızın da
sosial sığorta haqlarının böyük ölçüdə genişlənməsinə səbəb olub.
Koronovirus pandemiyası dövründə iqtisadiyyatımızda yaranan çətinliklərə
baxmayaraq, sosial sığorta haqqı dərəcələrinin endirilməsi dövlətimiz
tərəfindən fərdi sahibkarlara verilən dəstək kimi qəbul oluna bilər.
Sosial sığorta haqları dövlətin əhalidən yığılan məcburi xarakterli ödənişləri
içərisində yer alır. Bu səbəbdən sosial sığorta haqqı ilə vergi ödənişləri
arasında oxşarlıq olsa da, bu iki məcburi yığımın mahiyyətinin eyniləşdirilməsi heç bir
halda doğru deyil. Çünki bugünkü gündə ödənilən sosial sığorta haqqı vətəndaşın
gələcək pensiya təminatının əsasını təşkil edir. Bunun nəticəsi olaraq,
vətəndaşlarımız da öz məsuliyyətlərini dərk edərək sosial sığorta-pensiya
sistemində aktiv iştirak etməli, sosial sığortanın mahiyyətinin fərqinə
varmalı, qeydiyyatdan kənar məşğulluqla işlədikləri müddət ərzində daima
mübarizə aparmalıdırlar. Adıçəkilən sahə üzrə səlahiyyətli orqan olan Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı gələn şikayətlər üzrə öz
inzibati tədbirlərini mütəmadi olaraq həyata keçirir. Bununla bərabər,
vətəndaşlar da bu kimi hallarda özlərinin sosial sığortalanmasını mütləq hal kimi
qəbul edərək işlədikləri müəssisə və təşkilatlardan əmək fəaliyyətinin
rəsmiləşdirməsini tələb etməlidir. Bəzi hallarda vətəndaşlarımız, xüsusilə də
gənc vətəndaşlarımız pensiya yaşına çatmağa uzun dövrün qaldığını əsas
gətirərək, özlərində yanlış təsəvvür formalaşdıraraq pensiyanın əlçatmaz olduğu
düşüncəsindən çıxış edib müəyyən hallarda sosial sığortadan yayınır və heç bir
zaman pensiyaya çıxmayacaqlarını düşünürlər. Amma burada zəruri qeyd olunası
məqam ondan ibarətdir ki, pensiya hüququ təkcə pensiya yaşı çatdığı zaman
yaranmır, eyni zamanda, hansısa gözlənilməz bədbəxt hadisə nəticəsində erkən
yaşda xəstəlik, əlillik müəyyən olunarsa, o zaman da məhz sosial sığorta ön
plana çıxaraq yüksək pensiya təminatına imkan verə bilər. Yaxud digər
halda, ailə başçısı dünyasını dəyişərsə, bu, onun azyaşlı övladlarının
kimsəsiz olduğu və ehtiyac duyduğu dövrdə sosial sığorta əsasında yüksək
pensiya təminatı almasına yardımçı olar.
Göründüyü kimi, sosial sığortaya əsaslanan pensiya sistemi istənilən yaş
dövründə insanı izləyə və həyatında baş verə biləcək sosial risk zamanı onun
maddi təminatını bərqərar edib hadisələrin mənfi təsirindən minimum itkilərlə
çıxmasına şərait yarada bilər.