• 15 c Bakı
  • 1.7 AZN

Pensiya növünün dəyişməsi pensiya məbləğinin artımına təsir edirmi?


“Əmək pensiyaları haqqında” qanunun 34-cü maddəsinə əsasən şəxs pensiyanın bir növündən başqa növünə keçmə hüququna malikdir. Bu halda onları düşündürən məsələ təbii ki, hansı növ pensiyanın daha yüksək təminata malik olmasıdır.

Pensiya növünün dəyişdirilməsi ilə bağlı təcrübədə ən çox görülən müraciətlər, yaşa görə pensiyadan ailə başçısını itirməyə görə pensiya növünə keçmə ilə bağlı olanlardır. Kişi pensiyaçı vəfat edərsə onun həyat yoldaşı – qadın pensiyaçı ərinin aldığı pensiyası daha yüksək idisə, bundan istifadə hüququna malik olur.

Bəs qadın kişinin pensiyasının 100 faizi ilə təmin olunurmu?

Bu hissədə onu qeyd edək ki, kişi vətəndaş ümumi əsaslarla pensiya hüququ əldə edibsə və onun pensiyasının sığorta hissəsinə hansısa əlavə nəzərdə tutulmayıbsa, o halda, qadın vəfat etmiş şəxsin pensiyanın 100 faizi ilə təmin edilir. Əgər vəfat edən şəxs dövlət qulluqçusu kim xüsusi kateqoriya üzrə təminatı var idisə, o halda qadın kişinin pensiyasının 80 faizi miqdarında pensiya ilə təmin edilir.

Təcrübədə görülən digər pensiya növ dəyişməsi – əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçmə ilə bağlıdır. Əlilliyə görə pensiyanın müddətli olması yaşı çatan şəxsin pensiya növünü dəyişmək istəyi ilə nəticələnir.

Bu halda, onları düşündürən məsələ yaşa görə pensiyanın əlilliyə görə əmək pensiyasından yüksək olub-olmaması ilə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, müasir pensiya sistemimizdə şəxslərin pensiyasının yüksək olma səbəbi məhz fərdi hesabda toplanan kapitalın həcmi ilə bağlı olur. Daha yüksək pensiya kapitalı formalaşan şəxslərdə nəticə etibarilə daha yüksək pensiya hesablanmasına səbəb olur.

Qanunvericiliyə nəzər yetirdiyimiz zaman fərdi hesabda toplanan kapitalla bağlı bir sıra dəyişikliklərə şahid oluruq. Belə ki, əgər 01.07.2017-ci il tarixədək pensiya hüququ yaranan şəxslərin fərdi hesabında sosial sığorta haqqından tutulmaların 50 faizi nəzərə alınırdısa, qeyd olunan tarixdən sonrakı dövr üzrə isə 90 faizi həcmində hesablanır.

Deməli, 01.07.2017-ci ildən əvvəlki dövrdə əlilliyə görə pensiyaya çıxmış bir şəxsin kapitalı 50 faizlə hesablandığı halda müəyyən bir məbləği ifadə edirdisə, bu günkü gündə 90 faizlə hesablandığı zaman daha yüksək pensiya təminatına yol aça bilər. Ona görə də, fərdi hesabında yüksək kapital formalaşan şəxslərin əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçməsi bir çox hallarda pensiyaçı üçün uyğun hesab edilir.

Məqalələr