Məlum olduğu kimi, ölkəmizdə tətbiq olunan
pensiya sistemi 2006-cı ildən etibarən fərdi uçot əsasında sosial sığorta
prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Qeyd olunan tarixdən etibarən,
layiqli və münasib pensiya təminatı üçün sığortaolunanlar,
yəni hər bir işləyən şəxs barədə məlumatların uçotu aparılmaqdadır.
Fərdi uçotun yaradılmasında məqsəd
sosial sığortanın təkmilləşdirilməsi, əmək pensiyalarının sosial sığorta
haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün
informasiya bazasının yaradılması olmuşdur. Əməkhaqqından tutulan sosial
sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi, sosial sığorta
haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması, fərdi
hesabda toplanan vəsaitlərə nəzarət etmək üçün sığortaolunanlara şərait
yaradılması və ən nəhayət, pensiyaların təyinatı qaydalarının sadələşdirilməsi
və təyinolunma müddətinin tezləşdirilməsi digər əsas məqsədlərdən hesab edilir.
Artıq 15 ildən uzun müddətdir ki,
tətbiq olunan fərdi uçot sistemi həm də əmək kitabçasına olan zərurəti aradan
qaldırmaqdadır. Kimin nə qədər staja malik olması və fərdi
hesabda pensiya kapitalı toplaması barədə məlumatlar müvafiq informasiya bazasında yerləşdirilməkdədir.
Əmək kitabçaları vətəndaşların 2006-cı ilə kimi olan stajının təsdiq olunması
ilə əlaqədar hələ ki, aktuallığını qoruyur. Bununla bərabər, onu da qeyd etmək lazımdır ki, fərdi uçot sisteminin
uzunmüddətli tətbiqi gələcəkdə pensiyaçı olacaq şəxsləri kağız sənəd mübadiləsindən
tamamilə xilas edə biləcək.